Məktəbin fəaliyyət göstərdiyi illər ərzində şagirdlərimiz hər zaman layihə işlərinin həyata keçirilməsində fəal iştirak etmişlər. Xəzər dənizi üzərində salınacaq körpünün layihəsi şagirdlərin təqdim etdiyi ən maraqlı işlərdəndir. Bu layihənin müəllifləri VII sinif şagirdləri Cavid Fətullayev və Orxan Bağırlı idi. Layihənin rəhbəri riyaziyyat və rəsmxətt müəllimi Nərgiz Əliyeva idi. Şagirdlərimiz ingilis dilinə olan maraqlarını nümayiş etdirmək üçün bu fənlə bağlı müxtəlif layihələrdə hər zaman maraqla iştirak edirlər (ətraflı məlumat üçün saytın ingilis variantına bax).
12-13 dekabr 2007-ci il tarixində Bakı Avropa Liseyində “Gənc kompüter istedadları – 2007” müsabiqəsi keçirildi.
Müsabiqədə məktəbimizin 9 R sinif şagirdləri Fatimə Zeynalabdinova “Yaponiya incəsənəti azərbaycanlı qızının gözləri ilə”, Fərəh Qasımzadə “Coğrafiya kursuna giriş”, Nərgiz Məmmədova “Kompüter texnologiyalarının həyatımızda rolu” mövzularında Power Point proqramında hazırlanmış təqdimat layihələrini münsiflərə təqdim etmişdilər. Layihələrin ilkin forması münsiflər tərəfindən bəyənildi və onlar II turda iştirak etmək hüququ qazandılar.
12 dekabr tarixində keçirilən II turda iştirakçılar münsiflər qarşısında layihələrini müdafiə etdilər.
On dörd layihənin iştirak etdiyi III tur 13 dekabr 2007-ci il tarixində keçirildi. Bu turda internetə çıxış imkanı olan kompüterlərdə iştirakçılar 2,5 saat ərzində Power Point proqramında ən azı 15 slayd olmaqla təqdimat layihələri hazırlamalı idilər. İştirakçılar “Hərəkət həyatdır”, “Dostlarımız”, “Bizim ev”, “Hər dərdin loğmanı Yer kürəsidir” mövzularından birini seçib işləməli, hazırlanmış təqdimat layihələrini münsiflər heyətinə təqdim etməli idilər. Qeyd etmək lazımdır ki, hər bir iştirakçıya seçdiyi mövzunu öz dünya görüşünə, həyata baxışına görə şərh etmək imkanı yaradılmışdır.
“Ü.T.M. XXI – Əsr”in şagirdi, layihənin final turunun qalibi Fərəh Qasımzadə “Gənc kompüter istedadları – 2007” müsabiqəsində “Bizim dostlarımız” mövzusunda hazırladığı təqdimat layihəsi ilə II yeri tutdu.Fatimə Zeynalabdinova və Nərgiz Məmmədova isə final turunda uğurlu iştiraklarina görə sertifikatla təltif olundular. Qaliblər 15 oktyabr 2007-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyində fəxri fərmanlarla mükafatlandırıldılar.  |