2007-2008-ci tədris ilində Ü.T.M- “XXI Əsr”də ibtidai siniflər arasında “İlin şagirdi” müsabiqəsinin keçirilməsinə qərar verildi.
Bu müsabiqə kompleks xarakteri daşıyır: məzmun və formasına görə seçilən yarış, mədəni proqram və şagirdlər tərəfindən hazırlanan çıxışlar.
“İlin şagirdi” müsabiqəsi ənənəvi olaraq 3 turda keçirilir.
I tur – qiyabi. Valideynlərlə şagirdlərin birgə fəaliyyətini təşkil etmək.
Məqsəd:
- valideynləri əyləncəli müsabiqəyə cəlb etmək;
- onlarda övladlarının məktəb həyatına marağı artırmaq;
- uşaqların özünüqiymətləndirmə səviyyəsini artırmaq.
Bu tur 5 noyabrda keçirildi. Burada 35 uşaq iştirak etdi. Onlar “Mən beləyəm!”, “Mən- ən yaxşıyam!” mövzusunda münsiflər heyətinə rəngarəng divar qəzeti təqdim etdilər. Burada onların öz şəkilləri, çəkdikləri rəsmlər, özləri haqqında yazdıqları inşalar, valideynlərinin onlar haqqındakı düşüncələri, “Yol hərəkəti qaydaları” və digər müstəqil mövzularda hazırladıqları əl işləri və rəsmləri yer almışdı. Münsiflər heyəti işləri qiymətləndirdi. Toplanılan bal növbəti turlarda yığılacaq balların üzərinə əlavə ediləcək.
II tur – fərdi- əyani. Bu tur 5 fənni əhatə edir: “Azərbaycan dili”, “İngilis dili”, “Rus dili”, “Riyaziyyat”, “Həyat bilgisi”.
Bu tur isə 2008-ci il fevral ayında keçiriləcəkdir. Məqsəd: şagirdlərin fənnlər üzrə biliyini üzə çıxarmaq.
I və II turlarda ən çox bal toplayan şagirdlər final turundan əvvəl istirahət etmək və paytaxtımızın gözəlliyindən həzz almaq üçün ekskursiyaya dəvət olunurlar.
III tur – yaradıcılıq mərhələsi. Bu turun səciyyəvi xüsusiyyəti hər bir şagirdin fərdiliyini aşkar etməkdir. İştirakçılar vokal, xoreoqrafiya, rejissorluq və aktyorluq qabiliyyətlərini nümayiş etdirirlər.
Müsabiqə mükafatlandırma mərasimi və şən konsertlə başa çatır. Qalibləri qiymətli hədiyyələr və mükafatlar gözləyir. |